Nərman İsmayılov yazır: Mingəçevirdə abadlıq-quruculuq işləri genişlənir – yeni xiyabanlar şəhərə yeni nəfəs verir

0
InShot_20260319_171912009

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi olaraq regionlarda, o cümlədən Mingəçevir şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılovun rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən bu işlər hər ötən gün daha da genişlənir və şəhərin simasına müsbət dəyişikliklər bəxş edir.

Aparılan yenidənqurma və abadlıq tədbirləri Mingəçevir sakinlərində xüsusi məmnunluq və fərəh hissi yaradır. Şəhərin müxtəlif idarə və müəssisələrinin – xüsusilə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, İşıqlanma İdarəsinin, eləcə də Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləri bu prosesdə böyük əzmkarlıq nümayiş etdirərək, yorulmadan çalışırlar. Məhz onların gərgin və fədakar əməyinin nəticəsidir ki, Novruz bayramı ərəfəsində şəhərdə yeni-yeni park və xiyabanların istifadəyə verilməsi mümkün olur.

Şəhər ərazisində müasir standartlara cavab verən parkların və istirahət məkanlarının yaradılması, mövcud yaşıllıq zonalarının yenilənməsi Mingəçevirin sosial infrastrukturunun inkişafına mühüm töhfə verir. Bu cür layihələr yalnız şəhərin estetik görünüşünü yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda vətəndaşların asudə vaxtlarını daha səmərəli və rahat keçirmələrinə şərait yaradır, ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edir.

Cari ildə də bu istiqamətdə işlər planlı şəkildə davam etdirilir. Tədbirlər planına uyğun olaraq Heydər Əliyev prospektində, Puşkin və Nizami küçələrinin aralığında yerləşən daha iki xiyabanda yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Layihə çərçivəsində həmin ərazilərin müasir üslubda yenilənməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi, işıqlandırma sistemlərinin qurulması və sakinlərin istirahəti üçün əlverişli şəraitin yaradılması planlaşdırılır.

Görülən bütün bu işlərin əsas məqsədi Mingəçeviri daha da gözəlləşdirmək, şəhərin ümumi görünüşünü müasirləşdirmək və ən əsası, vətəndaş məmnunluğunu təmin etməkdir. Bu istiqamətdə atılan addımlar bir daha göstərir ki, Mingəçevir günü-gündən inkişaf edir, daha abad və yaşamalı şəhərə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir